İslam Səfərli poeziyası
  Sabit Rəhmana
 

Mənalı gülüş

 

Sabit Rəhmana

 

Şirin gülüşlərlə gəl güldür bizi,

Çox duzlu-məzəli bir aləmin var.

Sabit! Cəfər kimi sev səhnəmizi,

Sənin öz nəfəsin, öz qələmin var.

 

“Toy”un səhnəmizə qədəm qoyalı,

Neçə Kərimova toy tutub keçdin.

Səhnə üçün yazdıqca əli sayalı,

Gülüşü xoşladın, gülüşü seçdin.

 

Pərdələr açıldı, pərdələr endi,

Bizim “Nişanlı qız” gəzdi səhnədə.

Beşi pərt oldusa, yüzü sevindi,

Qələmin çoxunu əzdi səhnədə.

 

Uymadın şöhrətə, uymadın ada,

Dedin, səhnəmizə yazmaq gərəkdir.

Deyirlər, bu günlər təzə binada,

Dostun Əliqulu evlənəcəkdir.

 

Nə deyim, çox gözəl ustadımızsan,

Dərdini dostlarla bölüşən oldun.

Boş-boş nitqlərlə ucalmaz insan,

Döşünə döymədin, döyüşən olun.

 

“Xoşbəxtlər” yüz dəfə açdı pərdəni,

“Aydınlıq” aydınlıq gətirdi bizə.

Yürüşə səsləyir “Koroğlu” səni,

Sənət müjdəsi ver ellərimizə.

 

Gah Mirzə Qərənfili, gah Mindilini,

Gah usta Segahı dilə salmısan.

Bəlkə daddığımız bu şirinliyi,

Baban Səbuhidən sən borc almısan?..

 

Gülüş şərbətindən içdikcə ellər,

O qaynar bulağın gözü sən oldun.

Çoxuna məzhəkə yazan deyirlər,

Bunun ən yaxşısı, düzü sən oldun.

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free