İslam Səfərli poeziyası
  Fikrət Əmirova
 

Şirmayı

Dillər

 

Bəstəkar Fikrət Əmirova

 

Ötün bülbül kimi şirmayı dillər,

İncə səsinizdə həyat eşqi var.

Elin ürəyindən yazır deyirlər,

Ürəyi ellərə bağlı bəstəkar.

 

Ötün, həzin dillər, səsinizdə mən

Eşidim suların zümzüməsini.

Arazı belinə dolayan Vətən,

Eşitsin oğlunun könül səsini.

 

Rübabi bir mahnı, lətif bir şeir

Ürəkdə yurd salıb, dodaqda yaşar.

Dibçək ştilləri tez solub gedər,

Torpaqdan göyərən torpaqda yaşar.

 

İncə muğamların qanadında biz,

Gəlin ümmanların üstündən uçaq.

Bizim el mahnımız, el təranəmiz,

Hələ çox yerlərdə qanad çalacaq.

 

Qulaq ver qəlbimdən gələn bu səsə,

Mənim əziz dostum, sənə sözüm var:

- Gözlər yaşarmasa, tük ürpəşməsə,

Nə sənət yaranar, nə də sənətkar.

 

Çal, ey bəstəkarım! Qoy barmaqların

Duyan könüllərin telində gəzsin.

Sənin sənət eşqin, sənət ilqarın,

Dünyanın yüzlərlə elində gəzsin...

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free