İslam Səfərli poeziyası
  Həzi Aslanova
 

Təzə Çiçəklər

 

General Həzi Aslanovun

əziz xatirəsinə

 

Seyranım olduqca Dağüstü parkı,

Fikrimi cəlb edir dilsiz bir məzar.

Deyirəm, ey doğma vətən torpağı,

Sinəndə nə qədər oğul dərdi var.

 

Küləklər üstünə yarpaq sovurur,

Bəzən duman düşür  bu tək məzəra.

Bəzən qızmar günəş onu qovurur,

Bəzən də bu türbə qərq olur qara.

 

Nəmli köynəyini sıxır buludlar,

Keçir yaz günləri, payız xəzanı.

Soruşur təbiət, soruşur bahar:

- Ellər bahadırı mərd Həzi hanı?

 

Hanı adı dildə, qüdrəti eldə,

Şöhrəti aləmdə dolaşan Həzi?

Bu səsə qoşulub qanadlı yel də,

Dolaşır Qoşqarı, gəzir Kəpəzi...

 

Qəlbimdən səs gəlir, duyun, eşidin!

Yurdumun qoynunda o, əziz yatır.

Xəbəri dillərdə gəzən igidin,

Özü torpaq altda xəbərsiz yatır.

 

...Keçir gözlərimdən döyüş meydanı,

Ölüm qılınc çəkib, həyat dardadır.

O, tank alayının baş komandanı,

Yenə də birinci sıralardadır.

 

Baş-başa gəldikcə zirehli tanklar,

Ulduzlar titrəşir mərmi səsindən.

Həzi qabaqdadır, qabaqda, dostlar!

O tank hücumunu seyr edirəm mən.

 

Döyüşdə hər anın hökmü başqadır,

Bir polad sipərə çevrilir bədən.

Övladı bir vətən eşqi yaşadır,

Vətənsiz övlad yox, övladsız vətən.

 

Bir-bir azad olur kəndlər, şəhərlər,

Qalxır barıt iyi, səngiyir ara.

Qələbə dərd artırır acı bir xəbər,

Yayılır bir anda bizim dağlara:

 

-Həzi öz canını...

Yox, yox, yalandır!

O, yenə şığıyır düşmən üstünə.

Qəhrəman ölərmi, o, qəhrəmandır,

Eşqi ürəklərdə yaşayır yenə.

 

Ölməmiş, yaşayır o, əslində də,

Ona mahnı deyir sərin küləklər.

İlin yaz fəslində, qış fəslində də,

Üstündə sayrışır təzə çiçəklər...

 

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free