İslam Səfərli poeziyası
  Mirzə Ələkbər Sabirə
 

Sabirim

 

Mirzə Ələkbər Sabirə

 

Mayın son günüdür, doğulduğun gün,

Dağlar tül örpəkli, çiçəklər gülgün.

Ana torpağından qəm oldu sürgün,

Müəzzəm heykəlin güldü, Sabirim,

Bu gün nə sevimli gündü, Sabirim!

 

Qəflət yuxusundan bizi oyatdın,

Yanar göz yaşını sulara qatdın.

Elin qəm yükünü dəryaya atdın,

Çırpıldı sinənə dalğa, Sabirim,

Bənzədin qocaman dağa, Sabirim!

 

Əritdin qəlbini sən gilə-gilə,

Bərkdə arxa oldun Mirzə Cəlilə.

Daim qonaq oldun qəmə-nisgilə,

Dərdini çəkməz dağlar, Sabirim,

Acı gülüşləri ağlar, Sabirim!

 

Sənətkar sınanar darda, çətində,

Min duyğu oyatdın məmləkətində.

Cəhalət gömüldü hər söhbətində,

Kül altda közərən közdün, Sabirim

Əsrin tufanına dözdün, Sabirim!

 

Oyan! Torpağını bir seyr elə sən!

Səni ürəklərdə yaşadır Vətən.

Dünya durduqca boy verəcəksən,

Sən ey şeirimizin nuru Sabirim,

Qocaman Sabirim,, ulu Sabirim!

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free