İslam Səfərli poeziyası
  Mohsum Sənaniyə
 

Möhsün

Sənaniyə

 

ithaf

 

Möhsün, bu xoş gündə demə qocaldım,

Ömrün səhnəmizə gətirib bahar.

Həqiqi sənətlə daim ucaldın,

Sənətkar qədrini bilər, sənətkar.

 

Qəlbini ellərə bağlamayanlar,

Yüz il vəz etsə də, el onu udmaz.

Səndə xalqımızın ər qeyrəti var,

Bu vətən torpağı səni unutmaz.

 

Çıxaraq sənətin söz vadisinə,

Bir çələng hörmüşəm güldən-çiçəkdən.

Bu yetmiş baharlı əziz günündə,

Ərməğan verirəm sənə ürəkdən.

 

Sənət çələngini gəzdir başında,

Kim buna xor baxsa, qəlbi qaradır.

Qoy onlar bilsin ki, bizim dünyada,

Ən böyük məhəbbət sənətkaradır.

 

Sənətin ecazkar gözəlliyindən,

Qənirsiz gözəl də min ilham alır.

Həzin rübabını basıb bağrına

Sənətin eşqinə mahnılar çalır.

 

Nə xoşdur, xoş gündə nəğmələr demək,

Mən şeir bağında ötən bir quşam.

Möhsün, sənət adlı bir sərvsən ki,

Sənin bulağına gəlib qonmuşam.

 

Mən səni görürəm, görürəm yenə,

Böyük Səbuhinin söz sənətində.

Yaşıl alaçığa yaxınlaşırsan,

İgid Heydərbəyli öz sürətində.

 

Mən səni görürəm, beşinci ildə,

Qəhrəman Eyvazın timsalı kimi.

Mən səni görürəm Səməd Vurğunun

“Vaqif”də Eldar tək qartal kimi.

 

Mən səni görürəm, görürəm, ey dost,

Uzaq sahillərdə Mixaylo kimi.

Qanlı yağılara divan tutursan,

Gözündə Abşeron, qəlbində Bakı.

 

Mən səni görürəm, ey şofer oğlan,

Təcili yardımı sürüb gəlirsən.

Hərdən Güliçkaya baxıb qıyğacı

Gah acı, gah şirin söhbət edirsən.

 

Mən səni görürəm, görürəm, Möhsüm,

Yüzlərlə sürətlər silsiləsində.

Demə qocalmışam – xoş keçir ömrün,

Bir sənət eşqi var sənin səsində.

 

Möhsün, dostlar kimi açıq ürəklə,

Səni təbrik edir, alqışlayıram.

Sənə bu şeirimi güldəstə kimi,

Bu əziz günündə baxışlayıram...

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free