İslam Səfərli poeziyası
  Şəfiqə Axundovaya
 

Beşik Başında

 

Bəstəkar

Şəfiqə Axundovaya ithaf edirəm

 

Xəzər sahilindən bir qədər kənar

Ətrafı yam-yaşıl bir aynabənd var.

Orda suyu şirin, sadəcə bir qız,

Piano önündə oturub yalqız,

Baxıb pəncərədən nə isə anır.

Qəlbində ən zərif bir hiss oyanır...

Ayrılıb bir anlıq düşüncələrdən

Şirmayı dillərə əl gəzdirərkən

Ürpəşir bədəni, yaşarır gözü...

Oxucum, belədir, sənətkar özü.

Yeni bir ilhamla yaşayan zaman

Odlu bir hiss keçir onun canından.

 

Odur bax, o çalır... açılır bu dəm

Gözlərim önündə yeni bir aləm.

Bakı gecələri... nur səpir qəmər,

Gümüş rübəndinə bürünmüş şəhər.

Yaşıl bir eyvanda, beşik başında

Bir ana ömrünün cavan yaşında

Əziz körpəsinə dedikcə laylay,

Zərli tellərilə o sevdalı ay

Oxşayır körpəni bir ana kimi.

Layla od aşiqi-pərvanə kimi,

Dolaşıb beşiyin başında yenə,

Yayılır Xəzərin dərinliyinə...

 

Ayrılıb bir anlıq düşüncələrdən

O bəstəkar qızı seyr edirəm mən –

O, solğun görünür, gözləri dolğun,

Yuxusuz gecələr olsa da yorğun.

Lakin yaratdığı şirin nəğmələr

Ona müqəddəsdir gəncliyi qədər.

O yenə çalırdı... Sevindiyimdən,

Vurulub o qızın ruhuna qəlbən,

Dedim: - Dinlə məni, ey təbi rəvan!

Nədir yaratdığın bu gənc yaşında? –

Dedi: - Aylı gecə, yaşıl bir eyvan,

Bir ana laylası beşik başında.

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free