İslam Səfərli poeziyası
  Rəşid Behbudova
 

Oxu,

Rəşidim, Oxu

 

SSRİ Xalq artisti

Rəşid Behbudova

 

Ata – dağ çayı,

Ana – göl.

Övlad – o göldə üzər.

Burada hər ləpə mavi,

Hər dalğa gümüşdən gözəl.

Valideynlər eyni,

Övladlar çeşid-çeşid...

Bir gün

Məcidin

Bir oğlu oldu.

Adını qoydular:

Rəşid!

Anan Firuzənin

Laylasınıl eşit,

Ay Rəşid!

Atan Məcidin

Geraylısını eşit,

Ay Rəşid!

Qulağında

Zəngulə qalsın

Ay Rəşid!

Qurban tarında çalsın,

Ay Rəşid!

Təbiəti  gözlərində güldür.

Səsin bülbül,

Ürəyin güldür,

Ay Rəşid!

Oxu, əziz Rəşidim,

Sən oxu,

Mən eşidim,

Rəşidim!

Səsi bahar Rəşidim.

Rəşidim!

 

Sən oxu,

Mən eşidim.

Eşidim

Səsindəki rəvanlığı.

Ey Cabbar Qaryağdının,

Keçəçi Məhəmmədin,

Məcidin,

Bülbülün,

Xanın cavanlığı!

Ey bulaq qaynaqlı,

Çay axarlı müğənni –

Küləklər sənə nənni...

Meh - ətirli nəfəsin,

Oxu,

Qoy axsın səsin...

Ata yurdun Şuşada

Min zəngülə bərqərar.

Ürəklərdən süzülür

“Rahab”, “Segah”,

“Şur”, “Qatar”.

Təsniflər əlvan-əlvan,

Muğamlar çeşid-çeşid,

Onları birər-birər

Qəlbinə yaz,

Ay Rəşid!..

Şərqilərin duruca,

Səsin boyundan uca.

Baxışların apaydın.

Bu yurdun, bu torpağın

Uçan nəğmələrini

Bütün dünyaya yaydın...

 

***

 

“Arşın mal alan!” –

Bu səs, Üzeyirin

Qəlbindən qopan zaman,

Sənimi axtarırmış?

Danış, ay Rəşid, danış!

Sən şərqilərin

Uçuş meydanlarına

Qədəm qoydun ilk dəfə..

Görmədiyin yerlərə

Ekranda seyrə çıxdın.

Sənət ilahəsinin

Şumşad əlini sıxdın.

Öpüb bağrına basdı

Tar səni, qaval səni.

Yeddi möcüzədən biri

“Tac-mahal” səni.

Hindistan! –

Əfsanəvi

Gözəlliklər diyarı.

Bombeyin, Kəlküttənin

Əsrarəngiz baharı

Qarşıladı

Çəmənli, şehli səni.

Uçurdu min fərəhlə

Qocaman dehli səni.

Oxu, əziz Rəşidim!

Sən oxu,

Mən eşidim,

Rəşidim!

Dunay sahillərində

“Valslar kralı” Ştrausun

Doğma elində

Sən kükrədin,

Sən axdın.

Sən axarlı səsinin

Cilovunu buraxdın.

Venesiya! –

Su üstə üzən şəhər.

Səni

Neft daşları qədər,

Mehriban

Bir bala kimi,

Su üstə üzən

Qala kimi

Qarşıladı.

Dodaqlardan düşmədi:

Azərbaycan,

Bakı,

Bir də Rəşidin adı!

... Leonardo da Vinçinin

Qədirbilən vətəni.

Florensiya! –

Bu gözəllər yurdu

Bağrına basdı səni.

Ulduzlu göylər altında

Sən qaranquş oldun.

Hər nəğmən elə bil ki,

Lap yenidən doğuldu.

Doğuldu qol atmağa,

Doğuldu

Neçə milləti

Güldürüb,

Ağlatmağa!..

Adamı sıxır qürbət.

Neyləmək,

Muğamat – kədərdir,

Şirin şərqilər –

Şərbət.

O şərbət piyaləsi

Dəydikcə hər dodağa –

Canını

Verər ellər

Müğənniyə sadağa.

Oxu, əziz Rəşidim!

Sən oxu,

Mən eşidim,

Rəşidim!

 

***

 

Qahirə göylərindən

Qalxdı bulud rübəndi.

Səsin kimi ucaldı

Asuan bəndi.

Qədim ehramlar yurdu,

Saçlarını oxşadı

Şanə-şanə, ay Rəşid.

“Vidadi xəstədən

Bağdad elinə

Sən yetirdin

Bir nişanə”, ay Rəşid!

Qarlı Fin torpağına

Odlu nəğməyə getdin.

Uzaq Şərqin

Tayqa meşələrində

Bir çinar kimi bitdin.

Moldav gözəllərinə

Güldən çələng toxudun.

Neçə eldə, neçə dildə

“Arşın mal alan” oxudun...

Oxudun şirin-şirin,

Kükrədin

Dalğa-dalğa,

Səsinə can sadağa.

 

Oxu bir də, Rəşidim!

Sən oxu,

Mən eşidim,

Rəşidim!

 

 






Add comment to this page:
Your Name:
Your Email address:
Your Message:

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
=> Do you also want a homepage for free? Then click here! <=
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır.