İslam Səfərli poeziyası
  Nəriman Nərimanova
 

PROSPEKT

 

Nəriman Nərimanova ithaf edirəm.

 

 

Bakı eniş, Bakı yoxuş,

Binaları pillə-pillə.

Keçib gedir boranlı qış,

Yer süpürür kiçik çillə.

Yaz nəfəsli Novruz gəlir,

Yasəmənlər puçurlayır.

Çiçək düzür göy döşünə

Orda-burda çəmən, çayır.

 

Şəhər çoşur, dəniz çoşur,

Sanırsan ümman yeriyir.

Bakımızı qurmaq üçün

Elə bil cahan yeriyir

Şəhər qalxır dağ üstünə,

Çərkələnir təzə damlar.

Səkilərin kənarında

Xışıldaşır körpə şamlar.

Fil xortumlu gür maşınlar

Daş götürür, torpaq qazır.

Bir tarixçi bu yerlərin

Keçmişini anıb yazır:

 

“Qanlı-qadalı illər

Bomboz idi bur yerlər.

Nə ev vardı, nə koma,

Qərq olmuşduq biz quma

Şəhərdə polis, kazak,

Yenə başlayıb sazaq.

Qılınc çəksə də şaxta,

Nərimanov qabaqda

Çığır açıb kedirdi,

Onun arzusu birdi;

- Silahlı üsyanla biz

Son dəfə qalxıb gərək

Şərqdən doğma Vətənə

Xoş müjdələr göndərək!

O açdığı cığırla

Gedirdi bütün şəhər.

O cığırla ağ günə

Çıxdı məzlum fəhlələr...”

 

Sinə gərdik döyüşlərə,

İllər gəlib, illər keçdi.

O inqilab çığırıyla

Ellər gəlib, ellər keçdi...

 

Söylədiyim bu ilk çığır

Görün necə boy atıbdır.

Bakı onun yerindəcə

Bir prospekt yaradıbdır.

 

Nərimanov prospekti!

Evlər təzə, bağlar təzə.

Geniş, gürşad aynabəndlər

Gəlin kimi gülür üzə...

 

Şəhər köçüb dağ üstünə,

Meh də əsir sərin-sərin.

Sıx kərvanı pozulmayır

Ala gözlü taksilərin.

 

Bu nəğməmi bəstələyən

Bakımın öz küləyidir.

Nərimanov prospekti

Paytaxtımım ürəyidir!..

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free