İslam Səfərli poeziyası
  Mikayıl Muşfiqə
 

Həsrət nəğməsi

 

Müşfiq üçün

 

Naxçıvan nisgillər açarçısıdır,

Ona qonaq gələn ovudar qəmi.

Ancaq Arazımız el carçısıdır,

Naləsi tutubdur bütün aləmi.

 

Müşfiqim, üfüqdə gülümsəyir dan,

Tikanlı məftillər qubarlı yara.

Əlin çatmasa da qatar yolundan,

Bir salam göndərdin Sən Şəhriyara.

 

Yaralı şairin, sözlü ustadın,

Səsi həzin teldə, sarı simdədir.

Şair var, yurdunda qərq olub yadın,

Qəbri də özü tək tilsimlərdədir.

 

Yəqin ki, örtübdür qərib türbəni,

Yabanı çal-çayır, pəjmürdə yosun.

Deyirlər Cavidim çox sevib səni,

Mən niyə sevməyim, mən niyə susum?

 

Dərdini xalqıyla bölən şairin,

İlham zivəsindən şəlalə daşar.

Sözünü deməmiş, ölən şairin,

Sözü dildə gəzər, dodaqda yaşar.

 

Naxçıvan! Bax budur məmləkətimiz,

İstədik onunla bir görüşəsən.

Səni qəlbimizdə gətirmişik biz,

Arazla dərdini tən bölüşəsən...

 

Şairim, üfüqdən günəş kimi qalx!

Sənətkar susanda millət kar olar.

Təqsiri Arazın üstünə yıxsaq,

Araz bundan da çox zülümkar olar.

 

Bölünən xalqların müqəddəratı,

Dünya məlisində nəqarət olmuş.

Bəs niyə, bəs niyə azəri adı,

İkiyə bölünüb belə yad olmuş?..

 

Susma! Odlu şair, alovlu ürək,

Çılğın misraları ayağa qaldır.

Səni yıxa bilməz bir daha külək,

Qayada palıd ol, dəryada sal dur!

 

Sənətkar sınanar darda, çətində,

Şairlik heç kəsə gəlməsin asan.

Sən indi Əcəmi ziyarətində,

Şərqin əfsanəvi qapısındasan.

 

Tüklərim ürpəşdi, sanki üşüdün,

Arazdan deyirəm, qəhərliyəm mən.

Mənim müdrik sözlü cavan Müşfiqim,

Nəqşi-Cahanıma sən xoş gəlmisən!...

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free