İslam Səfərli poeziyası
  Məhəmməd Fuzuliyə
 

Qəlb Şairi

 

Füzuliyə ithaf

I hissə

 

Yarıb daş sinəli qərinəlaəri,

Şeirinlə ucaltdın özünə heykəl.

Keçdikcə ömrün qaynar illəri,

Dünyaya bəxş etdin min incə qəzəl.

Qəlbinin hər teli kəmana döndü,

Ahın ağ örpəkli dumana döndü.

Tutuşdun yanar bir eşq atəşinə,

Səməndər sayağı alışdı qəlbin.

Lelinin-Məcnunun təmiz eşqinə

Bir dastan yaratdı  o şair təbin...

Bu sevda yolunun yorğunuyam mən,

Füzuli şeirinin vurğunuyam mən!...

 

 

I I hissə

 

Gözəllər olduqca Məkkən-Mədinən,

Məhəbbət dil açdı hər sətirində.

Cananın zülfünü oxşadıqca sən,

Elə bil məst oldun gülün ətrində.

Qəlbindən bulaqlar axıb süzüldü,

Mirvari sözlərin çin-çin düzüldü.

Dilbər səhərlərin seyrinə daldın,

Ötdü sarı köynək şehli budaqda.

Meylini bir yeni qəzələ saldın,

O da nəğmə olub gəzdi dodaqda.

Səni arzuladı Odlar vətəni,

Lakin Şərq qəlbində gəzdirdi səni.

 

I I I hissə

 

Sən qoca Bağdadın halına yandın,

Orda nəşədən çox dərd, bəla gördün,

Ədalət naminə ellər dolandın,

Xorasan addadın, Kərbəla gördün.

Nur olub süzüldün, su olub axdın,

Lakin oyanmadı o qara baxdın.

Sarbanı olduqca söz kərvanın,

Yükün kədər oldu, yükün qəm oldu,

Şair! Öz dövrünün, öz dövranının

Niyə hər naləsi səndə cəm oldu?

Dünyanın sənin tək dərdlisi varmı,

Bir qəlbə bir elin dərdi sığarmı?...

 

 

VI hissə

 

Keçdin fırtınalı qərinələrdən,

Füzuli, oyantdı xəlqi əfqanın.

Yaşatdın, hifz etdin qüdrətinlə sən

Öz doğma dilini Azərbaycanın.

Deyirlər anan da ellər adından

Demiş: o ləhcənə, dilinə qurban!

Dörd yüz il keçsə də, şair, yaxşı bax,

Yenə də dilimin keşiyindəsən.

Dəmə ki, unudub məni bu torpaq,

Sən doğma elimin beşiyindəsən.

Sənə laylay deyir göy ulduzları,

Bir də yurdumuzun ceyran qızları.

 

V hissə

 

Füzuli! Güldükcə hər yeni səhər,

Min gözəl yetişir gözəlin kimi,

Elin yaratdığı təzə nəğmələr

Dillərdə dolaşır qəzəlin kimi.

Sən günlə çıxırsan, ayla batırsan,

Xalqınla bir durub, birgə yatırsan,

Hər il novruzgülü çıxanda qardan.

Güldəstə bağlayıb bu ilk bahardan,

Çəmənə çıxırsan, düzə gəlirsən.

Yetər, ay Füzuli, şəbi-hicranın,

Sən qəlb şairisən Azərbaycanın!...

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free