İslam Səfərli poeziyası
  Baş səhifə
 

 




İslam Səfərli şeirlərinin mövzusu rəngarəngdir, bu şeirlər onun üçün mənəvi ehtiyac və könül çırpıntılarının ifadəsidir. Bu şeirlərdə elinə, obasına, xalqına olan məhəbbət obrazlılıq, dil səlistliyi, poetik ifadə tərzi və şeir üçün lazım olan nə varsa öz əksini tapmışdır. Onun şeirləri o qədər yığcam, düşünülmüş, sadə bir dildə yazılmışdır ki, sanki bir misranı çıxarsan bütün gözəlliyə xələl gətirə bilərsən. Çünki bu şeirlər axıcılığı, sözlərin düzümü bir-biri ilə vəhdət təşkil edir ki, elə zəcirvari bağlıdır ki, birini götürsən digərləri öz qüvvəsini itirəcəkdir. Bu baxımdan onun təkrarsız nəğmələri haqqında danışmamaq mümkün deyil.

İslam Səfərli yaradıcılığında Azərbaycanın görkəmli müğənniləri, bəstəkarları, ümumilikdə sənət adamları önəmli yer tutmuşdu. Böyük ədib Cəlil Məmmədquluzadə yə həsr etdiyi “Şərqin Şöhrəti” şeirində Naxçıvanda dünyaya göz açan, dövrünün dərd-qəmini içində çəkib, Molla Nəsrəddin jurnalı  vasitəsilə üzə çıxardan ədibin canlı ölüləri, cəhalətli Şərq ellərini qəflət yuxusundan çıxartdığından söz açır. İti qələmi ilə millətinin keşiyində durduğunu, bəzən gülüb, bəzən ağladığını, sadə, şirin ləhcəsilə dilimizə şöhrət olduğunu poetik çalarlarla ifadə etmişdi:

 

Mirzə Cəlil! Mirzə Cəlil!

Sadiq qaldın öz əhdinə.

Ürəyinin hər sözünü

Verdin  “Molla Nəsrəddin”ə.

 

            İslam Səfərli şair dostu Mirmehdi Seyidzadəyə 1957-ci ildə həsr etdiyi “Əsrin son gününə birlikdə gedək” adlı şeirində yazır:

 

Bizə deyirlər ki, gözəl dostdurlar,

Şairim, onlara bircə sözüm var,

- Dünya belə olub əzəldən bəri,

Təmizürəklilər daim dost olar!.

 

Bu şeirdə gözəl dostluqdan söhbət açılır. Elə şairlər var ki, gözəl şeirlər desələr də, bir insan kimi sevilmirlər. Lakin İslam Səfərlinin şair dostu Mirmehdi Seyidzadə həm bir insan kimi, həm də gözəl bir şair kimi sevilir.

            Səməd Vurğun un xatirəsinə yazdığı “Dağlar” şeirində İslam Səfərli  göstərir ki, o, şeirin ağsaçlı qartalıdır, əfsuslar olsun ki, sənətin zirvəsində doyunca süzmədi. Yurğunu dərindən sevən Vurğunu elin əlindən əcəl aldı. Şair Mil düzünü, Muğanı sevdi, sevdi qara gözlü gözəl ceyranı. Qısa ömür yaşamasına baxmayaraq, Azərbaycanı qarış-qarış gəzdi. Şeirin sonluğunda İslam Səfərli üzünü dağlara tutaraq mağarda saz tutan tellər vurğununa, bülbülünə mat qoyan güllər vurğunu Səməd Vurğun un vaxtsız ölümünə kədərlənir, yüz nədir, min il yaşayaydı deyir:

 

Mağarda saz tutan tellər vurğunu,

Bülbülü mat qoyan güllər vurğunu,

Səməd Vurğun kimi ellər vurğunu

Min il yaşayaydı, yüz nədi, dağlar!

 

İslam Səfərli  “Ələsgər” poemasını aşıq sənətinin mahir ustadı Aşıq Ələsgər ə həsr etmişdir. Poema 1959-1962-ci illərdə yazılmışdır. Bu poemada aşıqlar yetirən Göyçə mahalı, aşığın öz sazı və sözü ilə məclislər yaraşığı olduğu, onun yaşadığı acılı-şirinli günlər öz əksini tapmışdır. Bu dünyaya çox aşıqlar gəlib-gedib, lakin Ələsgər sazı və sözü ölməzdir. Əsrlər keçəcək, Aşıq Ələsgər nə qədər ki, dünya durur yaşayacaq.

            Şair bu poemanı yazarkən bütün Göyçə mahalını qarış-qarış gəzmiş, aşığın şagirdləri, müasirləri ilə söhbət etmiş, məlumatları toplamışdır. Ona görə də “Ələsgər” poeması fərdi tərcüməyi-haldan kənara çıxan bütöv bir dövrü, oun ağlı-qaralı günlərini, buxovlanmış sevgisinin iztirablarını göstərən bir əsərdir. Şair həmin poemada yazır:

 

Yüz il dövran sürən Aşıq Ələsgər

Min-min məclislərə yaraşıq oldu.

Çoxları saz tutub gəlib-getdilər

Tək şair Ələsgər xas aşiq oldu.

Əsrinin ən məğrur dağlar qartalı

Əski bir dünyanı məzara gömdü.

Aşıqlar Vətəni Göyçə mahalı

Çiçəyi sayrışan gülzara döndü.

Əlində telli saz, əlində vüqar,

Ağ günlər eşqinə coşdu Ələsgər,

Dünyada necə ki, saz var, şeir var,

O da yaşayacaq dünyalar qədər!..

 

Şairin bəstəkar Fikrət Əmirov  a həsr etdiyi “Şirmayı dillər” şeirində ürəyi ellərə bağlı olan sənətkarın elin ürəyindən yazdığını bildirir. Onun musiqilərində suların zümzüməsini eşidir. Arazı belinə dolayan Vətən “eşitsin oğlunun könül səsini” – deyir. İslam Səfərli incə muğamların qanadında ümmanların üstündən uçmaq üçün insanları səsləyir. Bizim el mahnımız, el təranəmiz hələ çox yerlərdə qanad çalacaq deyir. Şeirin sonunda şair yazır:

 

Çal, ey bəstəkarım! Qoy bayraqların

Duyan könüllərin belində gəzsin,

Sənin sənət eşqin, sənət ilqarın

Dünyanın yüzlərlə elində gəzsin.

 

Əli Səfərov

 






Add comment to this page:
Your Name:
Your Email address:
Your Message:

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
=> Do you also want a homepage for free? Then click here! <=
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır.