İslam Səfərli poeziyası
  Əlfi Qasımova
 

TƏHSİL İLLƏRİ

 

Dostum Əlfi Qasımova

 

Ey dost, sən Bakıya təzə gələndə,

İpləri ağ yundan corab geyərdin.

Uzanıb yerinə, əlində dəftər,

Payız gecələri mürgüləyərdin...

 

Yadına düşdükcə hərdən kəndiniz,

Xəyalın bir anlıq ora gedərdi.

Üzü günə baxan aynabəndiniz,

Səni düşündürər, düşündürərdi...

 

Lakin aylar keçdi, illər dolandı,

Xəyalın az gəzdi dağda, çəməndə.

Hərənin qəlbində bir arzu yandı,

Mühərrir olmağa can atdın sən də.

 

İndisə dönən tək otağına sən,

Yazdığın mövzuya nəzər salırsan.

Vaxtsız yuxulara aman vərmədən,

Sabahın qeydinə bu gün qalırsan.

 

Adətdir, yaxşı dost darda sınanar,

Yüz dəfə imtahan vermişik azı.

Elmin yollarına tutaraq fanar,

Biz yola salmışıq dörd qış, dörd yazı.

 

Biz daxil olanda darülfününa ,

Yolumuz ağzında bir evdə vardı.

O, çox kiçik idi, baxdıqca ona,

Qəlbimiz arabir hey sıxılırdı.

 

Lakin aylar keçdi, onun yerində,

Göylərə baş çəkən saray quruldu.

Bir bahar fəslində, günün birində,

Üstünə rəngbərəng naxış vuruldu.

 

Məktəbə gələndə, ey əzizim sən,

Xeyli kiçik idin, o evciyəz tək.

İndi ucalmısan, düzünü bilsən,

Böyükdür səndəki düşüncə ürək.

 

Səni bu kamalda görəndə düzü,

Səmimi dost kimi sevinirəm mən.

Gəl elmə bağlayaq öz kölnümüzü,

Dörd ildə nə qədər dəyişilmisən!

 

Söylə, yadındamı, hər pul alanda,

Yaxşı düşməsə deyirəm bunu.

Gedib soruşmazdıq yeməkxanada,

Xörəyin bahalı ucuzduğunu.

 

Ah... Təhsil illəri, təhsil illəri...

Yenə əzizsiniz öz canım kimi.

Mən sizi duyduqca ürək telləri,

Coşub dalğalanır ilhamım kimi.

 

Naxçıvan çayının göy vadisində,

Şəkərabad kəndində doğulmuşam mən.

Gözəl Qarabağın bir güşəsində,

Ey dostum, həyata göz açmısan sən.

 

Lakin öz qəlbimiz, öz amalımız,

Bizi bir məsləkə bağlamış artıq.

Elmə doğru uçan quş xəyalımız,

Nə gecə, nə gündüz bilmir raharlıq.

 

Görürəm mən səni illər dalından,

Bir alim, mühərrir sifərində bax.

Qardaş millətlərin birlik zalında,

“Sülh” – deyə coşursan, alovlanaraq.

 

Görürəm mən səni, sevimli dostum,

Birgə baş çəkirik vətənimizə.

Deyirlər: - Bu oğlan bir tələbəydi,

Bu gün alim kimi dərs deyir bizə!

 

Bəli, bu olacaq, bu deyil uzaq,

Hələ yol gedirik o şanlı günə,

Odlu bir ilhamla alovlanaraq,

Xeyir verecəyik vətən mülkünə.

 

Ey dost, unutma ki, Darülfününün,

Yolu gur işıqlıdı – elmə tərəfdir.

Yuxusuz gecələr keçsə də, onun

Adını doğrutmaq bizə şərəfdir.

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free